Mərakeşin cənubunda baş verən zəlzələ təkcə yaşayış binalarına və infrastruktura deyil, həm də ölkənin məşhur muzey və məscidlərinə ciddi ziyan vurub. Bu, fəlakətin episentrinə ən yaxın şəhər olduğu ortaya çıxan beynəlxalq əhəmiyyətli turizm mərkəzi və krallığın mədəniyyət paytaxtı olan Mərakeşin timsalında ən aydın şəkildə görünür.
QAZİLER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, zəlzələ nəticəsində 1985-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məşhur orta əsr məhəlləsində - Mədinədə çoxlu binalar dağılıb. Dünyanın hər yerindən gələn səyyahlar tərəfindən sevilən, qədim evlər arasında dolanan dar küçələr bir gündən artıqdır ki, daş qalaqları və şüşə qırıqları, müxtəlif istiqamətlərə çıxan armaturlar və damın qırıqları ilə doludur.
Bir çox orta əsr binalarının və mədəniyyət obyektlərinin, ekzotik restoranların və dizayner geyim mağazalarının cəmləşdiyi Mədinədə hər yerdə dağılmış divarlar və uçmuş fasadları görmək olar. Ötən gün UNESCO-nun nümayəndə heyəti bu kvartalda olub. Təşkilatın baş direktoru Audrey Azuley X sosial şəbəkəsində yazıb: “Bizim təşkilatımız mədəni irsə və təhsilə dəyən zərərin qiymətləndirilməsində, binaların təhlükəsizliyinin təmin edilməsində və bərpaya hazırlıqda Mərakeş hakimiyyətinə kömək edəcək”.
Lakin bəzi ekspertlər artıq etiraf edirlər ki, Mərakeşin mədəni, tarixi və memarlıq irsinə çox ciddi ziyan dəyib. Bir çox zərər çılpaq gözlə görünür. Belə ki, 2001-ci ildə UNESCO-nun şifahi və qeyri-maddi irsə daxil edilmiş məşhur Cemaa əl-Fna meydanındakı Harbuş məscidinin minarəsi demək olar ki, tamamilə uçub. Mərakeşin simvollarından birinin - 12-ci əsrdə tikilmiş, Məqribdə dini tikililərin etalonu kimi tanınan Kutoubia məscidinin 69 metrlik minarəsi zədələnib.
Mərakeş Milli Muzeylər Fondunun prezidenti Mehdi Kotbinin sözlərinə görə, zəlzələ qədim evlərdə saxlanılan maddi irsin bir hissəsini məhv edib. 19-cu əsrin ikinci yarısında tikilmiş, hazırda Milli Xalçaçılıq Muzeyinin yerləşdiyi və müxtəlif dövrlərə aid zəngin keramika kolleksiyasının saxlanıldığı Dar Si Səid sarayına ciddi ziyan dəyib. "Muzeyin keramika kolleksiyasının çox hissəsi zədələnib", - Kotbi etiraf edərək bildirib ki, eksponatların çoxu sındırılıb.
"Mərakeş muzeyləri, Dar Si Səid və Dar əl Başada olduğu kimi, köhnə binalarda, çox vaxt saraylarda, keçmiş dövrün vasitələri və texnologiyalarından istifadə edilərək tikilirdi", - dedi Kotbi vurğulayıb. Artıq binaların vəziyyətinin diaqnostikası və dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlanılıb. Milli Muzeylər Fondu xaricdən minlərlə nümayəndəni cəlb edəcək Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun Mərakeşdə birgə iclasının keçiriləcəyi cari ilin oktyabrın birinci yarısına qədər zədələnmiş muzeyləri təmir edərək ziyarətçilərin istifadəsinə verməyi planlaşdırır.