Almaniyanın xarici kəşfiyyat xidmətinin əməkdaşı və onun tanışı Rusiyaya gizli sənədləri ötürməkdə itiiham olunaraq dövlətə xəyanətdə günahlandırılıb.
APA "Sky News"a istinadən xəbər verir ki, Federal Prokurorluq bu gün yaydığı açıqlamada Almaniyanın məxfilik qaydalarına uyğun olaraq yalnız "Carsten L" kimi tanınan kəşfiyyatçının keçən il dekabrın 21-də Berlində həbs edildiyini bildirib.
İkinci şübhəli, "Artur E" kimi tanınan alman iş adamı, yanvarın 22-də ABŞ-dən gələrkən Münxen hava limanında həbs edilib.
Federal Prokurorluq "Carsten L"in "Artur E" ilə 2021-ci ilin mayından tanış olduğunu və sonuncunun Rusiyanın daxili kəşfiyyat orqanı olan FSB ilə əlaqəli və bu ölkədə yaşayan bir iş adamı ilə əlaqə saxladığını bildirib.
İddiaya görə, üç nəfər 2022-ci ilin sentyabrında görüşüb və FSB üçün həssas məlumatları əldə etmək üçün plan tərtib ediblər.
Prokurorluğun bəyanatında deyilir ki, "Carsten L" keçən il sentyabrın ortaları ilə oktyabrın əvvəlləri arasında iki dəfə texniki kəşfiyyat məlumatlarının toplanmasına dair layihənin materiallarını çap edib və kompüter ekranından layihənin detallarının fotolarını çəkərək qarşı tərəfə doqquz sənəd təqdim edib.
"Carsten L" materialı "Artur E"yə verib, o, çap olunmuş materialların şəklini çəkib, rəqəmsallaşdırılmış məlumatları Moskvaya aparıb və rus zabitləri ilə görüşlərdə FSB-yə verib.