Oğlu şahzadə Diana ilə avtomobil qəzasında ölmüş biznesmen Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Əl-Fayed Misirdə anadan olub, Yaxın Şərqdə biznes imperiyası qurub və 1970-ci illərdə Böyük Britaniyaya köçüb.
O, İngiltərənin “Fulhem” futbol klubunun, Parisdəki “Ritz” hotelinin və Londondakı “Harrods” univermağının sahibi olub.
O həmçinin “Fulhem” stadionunun kənarında abidə ucaltdığı mərhum Maykl Ceksonla da dost olub.
Son illərdə Əl-Fayed, demək olar ki, ictimaiyyət qarşısına çıxmır və həyat yoldaşı Hayni ilə birlikdə Surrey qraflığında malikanədə yaşayırdı.
Şahzadə Diana və sevgilisi – sözügedən biznesmenin oğlu Dodi Əl-Fayed 1997-ci ilin avqustun 31-də Parisdə avtomobil qəzasında həlak olublar.
2008-ci ildə London Ali Məhkəməsində andlı iclasçılar qəzaya sürücünün səhlənkarlığı və təqib edən müxbirlərin səbəb olduğu qənaətinə gəlib.
Məhəmməd Əl-Fayed rəsmi versiya ilə razılaşmayıb və uzun müddət öz araşdırmasını aparıb, lakin sonda andlı iclasçıların qərarı ilə barışıb:
“Yetər. Bunu Uca Yaradana tapşırıram. Lakin mən özüm başqa heç nə etməyəcəyəm”.