“SpaceX” şirkətinin “Crew Dragon” idarəedici kosmik gəmisi ilə “Falcon 9” daşıyıcı aparatı Kennedi Kosmik Mərkəzindəki (Florida ştatı) kosmodromdan Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılıb.
QAZİLER.AZ. Trend-ə istinadən xəbər verir ki, yayım ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) saytında aparılıb.
Gəminin göyərtəsində “Crew-7” missiyasının ekipajı – “Roskosmos” kosmonavtı Konstantin Borisov, NASA astronavtı Jasmin Moqbeli, Avropa Kosmik Agentliyinin astronavtı, danimarkalı Andreas Moqensen və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin astronavtı Satosi Furukava var.
Kosmik gəminin BKS ilə birləşməsi avqustun 27-nə planlaşdırılıb. İlkin olaraq, “Crew Dragon” gəmisinin “Crew-7” missiyasının ekipajı ilə birlikdə buraxılması avqustun 15-nə planlaşdırılmışdı, lakin gəmi və reaktiv daşıyıcının sistemlərində əlavə yoxlamalarının aparılması üçün artıq bir neçə dəfə təxirə salınıb.