Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İrəvanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandla görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüşdə E. Nalbandyan Ermənistan-ABŞ münasibətlərini yüksək qiymətləndirib və ümidvar olduğunu bildirib ki, birgə səylər nəticəsində ikitərəfli əməkdaşlıq daha da güclənəcək.
Öz növbəsində V. Nuland qeyd edib ki, ölkəsi Ermənistanla müxtəlif sahələrdə əməkdaşlı inkişaf etdirməkdə maraqlıdır. Onun sözlərinə görə, ABŞ bu istiqamətdə əlavə səylər göstərməyə hazırdır.
Görüş zamanı beynəlxalq və regional təhlükəsizlik, sülhməramlı fəaliyyət, kütləvi qırğın silahlarının qarşısının alınması və terrorizmlə mübarizə məsələləri müzakirə olunub.
Dağlıq Qarabağ nizamlanmasına gəldikdə isə E. Nalbandyanla V. Nuland münaqişənin sülh yolu ilə 3 prinsip əsasında həlli üçün səylərin göstərilməsinin vacibliyini qeyd ediblər. Ermənistanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin nizamlanma prosesindəki rolunu xüsusi vurğulayıb.
V. Nuland Ermənistanın demokratiya, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, iqtisadi islahatlar və digər sahələrdə müsbət irəliləyiş əldə etdiyini önə çəkib. Tərəflər həmçinin birgə iqtisadi layihələr və investisiyaların stimullaşdırılması məsələsinə toxunaraq ticarət və investisiya üzrə Ermənistan-ABŞ çərçivə sazişinin hazırlanması məsələsini müzakirə ediblər.