Pakistanın Pəncab əyalətində musson yağışlarının səbəb olduğu daşqınlardan zərər çəkmiş bölgələrdən son 3 həftədə 100 mindən çox insan təxliyə edilib.
Qaziler.az bildirir ki, axtarış-xilasetmə əməkdaşlarının verdiyi açıqlamaya görə, Sutlej çayının daşması və ətraf əraziləri su basması ilə əlaqədar işlər genişləndirilib.
Açıqlamada təxliyyə işlərinin çoxunun Bahavalpur və Kasur bölgələrində olduğu və son 3 həftədə 100 mindən çox insanın təxliyə edildiyi bildirilib.
Pakistanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi də bildirib ki, Ravi çayında suyun səviyyəsi hazırda normaldır, lakin bu həftə Sutlej çayında da daşqınlar baş verə bilər.
Qeyd edək ki, hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.
Ötən il ölkədə musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində 1739 nəfər həyatını itirmiş, fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanmışdı.
QAZİLER.AZ