İlin əvvəlindən vəba xəstəliyinə yoluxma halları 25 ölkədə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9 ölkə artıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Vəba xəstəliyinin gələcəkdə yayılma riskinin çox yüksək olduğunu bildirən ÜST informasiya bülletenində qeyd edib ki, ilin əvvəlindən iyulun 15-dək ən azı 25 dövlət vəba xəstəliyinə yoluxma halları barədə məlumat verib. Bu xəstəliyin müəyyən edilməsi barədə son tarixli məlumat may ayının ortalarında Hindistandan daxil olub. Ötən ilin müvafiq dövrü ərzində vəba xəstəliyinə yoluxma halları 16 ölkədə qeydə alınmışdı. “Yoluxma hallarının sayının artmasını və coğrafi yayılmasını, vaksin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST qlobal səviyyədə riskin çox yüksək olduğunu qiymətləndirməkdə davam edir”, - deyə Təşkilatın Cenevrə mənzil-qərargahından bildirilib.
ÜST planetin bəzi ölkələrində və regionlarında vəba xəstəliyinin yayılmasına səbəb olan amillər kimi xüsusilə Qərbi Afrikada may ayından oktyabr ayına qədər davam edən yağışlar mövsümünün adını çəkir. Bundan başqa, təşkilatda hesab edirlər ki, adətən Cənubi Amerikanın cənub hissəsində, ABŞ-ın cənubunda, Afrika Buynuzunda və Mərkəzi Asiyada yağıntıların artmasına səbəb olan El-Ninyo təbii fenomeni çox güman ki, vəba xəstəliyinə yoluxma hallarının dinamikasını dəyişəcək. Çünki yağıntıların miqdarının, daşqınların, qasırğaların, siklonların və quraqlıqların artması təmiz su və səhiyyə resurslarına çıxışı məhdudlaşdıra bilər. El-Ninyo ilə əlaqədar olan suyun daha yüksək temperaturu da su mühitində vəba vibrionunun çoxalmasına səbəb ola bilər ki, bu da vəba xəstəliyinə yoluxma hallarını artırır.
Hazırda xəstəlik ən çox xüsusilə Afrikaya təsir edib. İlin əvvəlindən bəri 14 Afrika ölkəsi vəba xəstəliyinə yoluxma halları barədə məlumat verib. Xəstəliyə yoluxma halları, xüsusilə Konqo Demokratik Respublikası, Kamerun, Malavi, Mozambik, Somali, Efiopiya və Cənubi Afrika Respublikasında qeydə alınıb.
Suriyanın şimal-qərbində 109 min, bu ölkənin qalan hissəsində 74 min, Əfqanıstanda 98 min, Malavidə 58 min, Haitidə 55 min və Mozambikdə 33 mindən çox vəba xəstəliyinə yoluxma halları qeydə alınıb.
Qeyd edək ki, vəba vibrionların (vəba törədicisi) səbəb olduğu xüsusilə təhlükəli yoluxucu xəstəlikdir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.