ABŞ və Rusiya prezidentlərinin BMT Baş Assambleyasında çıxışları bütün dünyada rezonans doğurub. APA TV-nin məlumatına görə, çıxışlardan sonra dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşmağa başlayıb. Rusiya prezidenti çıxışında Ukrayna və Suriya ilə bağlı ölkəsinin mövqelərini açıqlayıb və Moskvaya ünvanlanan ittihamları cavablandırıb.
BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna sahib olmasını dəstəkləyən Putin bildirib ki, hansısa ölkəni veto hüququndan istifadəyə görə günahlandırmaq olmaz. Daha sonra prezident hər ölkənin xarici müdaxilə olmadan inkişaf etmək hüququna malik olduğunu deyib. Birqütblü dünya quruculuğu cəhdlərini kəskin tənqid edən Putin bildirib ki, bu beynəlxalq münasibətlərdə eqoizmin güclənməsinə gətirib çıxarır. Prezident həmçinin dünya ictimaiyyətini inqilab ixracından günahlandırıb. Şimali Afrika ölkələrini misal çəkən Putin deyib ki, insanlar doğrudan da dəyişiklik istəyirlər, lakin bu istəyi kənardan istiqamətləndirmək zorakılığa, yoxsulluğa, insan haqlarının pozulmasına gətirib çıxarır. Rusiya prezidenti buna Ukraynadakı münaqişəni misal göstərib və baş verənlərə görə Qərbi günahlandırıb.
Vladimir Putin çıxış edən zaman Ukraynanın BMT-də daimi nümayəndəliyinin üzvləri balkonda Ukrayna bayrağı asıblar. Daha sonra nümayəndə heyəti zalı tərk edib. Bundan əvvəl Ukrayna prezidentinin çıxışı zamanı Rusiyanın BMT-də daimi nümayəndəsi Vitali Çurkin də zalı tərk etmişdi.
Rusiya və ABŞ prezidentlərinin Suriya məsələsinə münasibətində də ciddi fərqlər müşahidə olunub. Obama Bəşər Əsədi tiran və qana susamış lider adlandırıb, Putin isə bildirib ki, bütün ölkələr Suriyanın legitim hökumətinə dəstəyi davam etdirməlidir. O bildirib ki, hazırda Suriyada İŞİD-ə qarşı hökumət qüvvələri və kürd silahlılardan başqa heç kim mübarizə aparmır. Obama Əsəd rejiminin dəyişdirilməsinin labüdlüyünü vurğulasa da, Putin bildirib ki, İŞİD-ə qarşı mübarizə üçün geniş koalisiya qurulmalıdır.
Fransa prezidenti Fransua Olland da çıxışında Putinin təklifini rədd edib. O bildirib ki, Əsədin sülh prosesinə cəlb olunması yanlışdır, çünki, Suriyada tökülən qanların bir nömrəli səbəbkarı məhz odur.