İraq türkmənləri ilin sonunda keçirilməsi planlaşdırılan yerli seçkilərə Kərkük başda olmaqla türkmən əhalinin sıx olduğu bölgələrdə vahid siyahı ilə qatılmağa hazırlaşır.
Qaziler.az-ın məlumatına görə, İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan Anadolu Agentliyinə (AA) bildirib ki, dekabrın 18-də İraqın hər yerində keçiriləcək əyalət şurası seçkiləri türkmənlər üçün parlament seçkiləri qədər əhəmiyyətlidir.
Turan türkmənlər seçkilərə güclü şəkildə vahid siyahı ilə daxil olmağı planlaşdırdığını və bununla da yerli məclislərə çoxlu nümayəndə göndərməyi hədəflədiyini qeyd edib.
“İraq Konstitusiyasına görə, şəhər rəhbərləri əyalət şuraları tərəfindən seçilməlidir, lakin hələ də ölkənin bir çox şəhərində qubernatorlar təyinatla seçilirlər. Ona görə də demək olar ki, bütün şəhərlərdə problemlər var”, - Turan deyib.
Turan vurğulayıb ki, türkmənlərin yaşadığı şəhərlərdə, xüsusilə Kərkükdə xidmət çatışmazlığının ən yaxşı və sağlam həlli vilayət məclislərində türkmən nümayəndələrinin sayını artırmaqdır.
QAZİLER.AZ