Belarus Prezidenti Aleksandr Lukaşenko məşhur aktyor Jerar Depardyenin rol alacağı "Normandiya-Neman" filminin çəkilişinə 2 milyon dollar ayırıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə layihədə Rusiya tərəfini təmsil edən Dövlət Film Fondunun baş direktoru Nikolay Borodaçev məlumat verib.Bir qədər əvvəl Jerar Depardyenin Belarusa səfəri əsnasında Aleksandr Lukaşenko ilə görüşdüyü bildirilirdi. Həmçinin fransız aktyoru səfər zamanı əfsanəvi "Normandiya-Neman" aviasiya polku haqqında filmin layihəsi barədə də müzakirə aparıb. Film üzərində Fransa, Belarus və Rusiya kinematoqrafçılarının birgə çalışacağı gözlənilir.
"İzvestiya" qəzetinin məlumatına əsasən, Jerar Depardye filmdə baş rolda deyil, ikinci dərəcəli rolda çəkiləcək. Xəbərdə fransız aktyorun çox güman ki, mexanik və ya buna bənzər personajı canlandıracağı qeyd olunur.