Ombudsman Aparatının əməkdaşları Amsterdamda beynəlxalq konfransda

Ombudsman Aparatının əməkdaşları Amsterdamda beynəlxalq konfransda backend

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının beynəlxalq əlaqələr, elmi-analitik sektorlarının əməkdaşları Gülnar Rəhimova və Lamiyə Zeynalova Niderlandın Amsterdam şəhərində Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) 19-cu illik konfransında və Baş Assambleyasında şəbəkənin üzvü kimi iştirak ediblər.



Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Uşaqlara qarşı zorakılıq” mövzusuna həsr edilən beynəlxalq tədbirə BMT baş katibinin uşaqlara qarşı zorakılığın qarşısının alınması üzrə xüsusi nümayəndəsi xanım Marta Santos Pais, həmçinin ENOC-a üzv seçilmiş ölkələrin uşaq hüquqları üzrə ombudsmanları və onların nümayəndələri, müşahidəçi qismində olan ombudsmanlar qatılıblar.

Konfransda üzv təsisatların təmsilçiləri illik fəaliyyətləri haqqında təqdimatla çıxış edib, mövcud milli təcrübə və qazanılmış nailiyyətlər barədə fikir mübadiləsi aparıb, eləcə də uşaq hüquqları sahəsində beynəlxalq və Avropa səviyyəsində yeni inkişaf istiqamətlərinə dair məlumat platforması yaradıblar.

Ombudsman təsisatının əməkdaşları konfrans çərçivəsində həssas uşaqlar, təhsil və iştirak hüquqları, uşaqlara qarşı zorakılığın qarşısının alınması, uşaq hüquqlarının təşviqi, ailə və alternativ qayğı, sağlamlıq və rifah mövzularında sessiyalarda da iştirak ediblər. Onlar təmsil etdikləri qurumun bu istiqamətdə tutduğu mövqe və həyata keçirdiyi tədbirlər barədə məlumat veriblər.

Konfransda “Danışın, gənclər, zorakılığa qarşı danışın!” ENYA layihəsinin nəticələri barədə təqdimat olub və ENOC-a üzv seçilmiş ölkələrdən yalnız 10-u, o cümlədən Azərbaycanın iştirakı ilə hazırlanan film nümayiş etdirilib.

“Danışın, gənclər, zorakılığa qarşı danışın!” layihəsi çərçivəsində 10-18 yaşlı uşaqlar arasından bir qrup toplanıb və bu qrupun üzvləri öz hüquqları barədə mediada müvafiq yazılar dərc etdiriblər. Layihənin sonunda hər bir iştirakçı ölkədən beş dəqiqəlik film çəkilərək on iştirakçı ölkə üzrə hazırlanmış filmlər bir araya gətirilib. ENOC Bürosu həmin sənədli filmin Avropa İttifaqına, Avropa Şurasına, bu qurumun İnsan Hüquqları üzrə Komissarlığına və digər regional təşkilatlara yayılmasını həyata keçirəcək.

Ötən illərdə ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri ENYA layihəsi çərçivəsində yaradılmış Elektron Forumda fikir mübadiləsi aparıb, habelə Fransanın Strasburq, Şimali İrlandiyanın Belfast, Polşanın Varşava, Yunanıstanın Afina şəhərlərində keçirilən görüşlərdə müvafiq təqdimatlarla çıxış ediblər.

İllik konfransın yekun bəyanatında ENOC-un üzv dövlətlərindən olan Azərbaycan tərəfinin hərbi münaqişələr şəraitində əhalinin həssas qruplarından olan xüsusi qayğıya ehtiyac duyan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı təklifləri də yer alıb.
Diaspora