Venesuela ilə Türkiyə arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb, ticarət-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparılıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə cümə günü Venesuelanın xarici işlər naziri İvan Gil Türkiyəyə səfərindən sonra tviter hesabında yazıb.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birlikdə iki ölkə arasında ticarətin həcmini 3 milyard dollara çatdırmaq üçün investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzaladıq”, - deyə İ.Gil qeyd edib.
O bildirib ki, danışıqlar zamanı energetika, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində də ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Xatırladaq ki, Venesuela ilə Türkiyə arasında siyasi və iqtisadi əlaqələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2018-ci ildə Cənubi Amerika ölkəsinə rəsmi səfərindən sonra dinamik inkişaf edir.