Almaniyanın paytaxtı Berlində polis ətrafda dolaşdığı bildirilən aslan səbəbilə evdən çıxmamaq barədə xəbərdarlıq edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Brandenburq əyalət polisi Berlinin cənubundakı Stahnsdorf, Kleinmaçnov və Teltov rayonlarının sakinlərinə küçəyə çıxmamaq barədə xəbərdarlıq edib və ev heyvanlarını evdən çıxarmamağı tövsiyə edib.
Polis sözçüsü Daniel Keip Almaniya mətbuatına verdiyi açıqlamada, "Şahidlər gecə yarısı yırtıcı heyvanın çöl donuzu dişlədiyini görüblər. Görüntüləri də aldıq. Görüntülərə görə, bu, bir aslandır. Hazırda onun həqiqiliyinə şübhə etmək üçün heç bir səbəb yoxdur" deyib.
Vəhşi heyvanın haradan gəldiyinin hələ də dəqiq bilinmədiyini, zooparklar, heyvan parkları, sirklər və heyvan sığınacaqlarının yoxlanıldığını qeyd edən polis bölgədə həm havadan, həm də qurudan axtarış tədbirlərinin aparıldığını qeyd edib.
Bildirilib ki, vəhşi heyvanlarla bağlı anestezik iynə və ya güllədən istifadə ediləcəyinə ayrı-ayrılıqda qərar veriləcək.
QAZİLER.AZ