İrandan etirazlara qarşı yeni üsul: terrorçular gətirilir

İrandan etirazlara qarşı yeni üsul: terrorçular gətirilir backend

İran rejimi öz adamlarını universitetlərdə tələbə olaraq əvvəllər də yerləşdirib. Qəbul imtahanları zamanı mütləq bir şəkildə SEPAH, “Bəsic”, ETTELAAT-dan olan gənclərə də ali məktəblərdə oxumaq üçün şərait yaradıb.

Bu sözləri Axar.az-a Azərbaycan Öyrənci Hərəkatının sözçüsü Əmir Mərdani İran universitetlərində “Haşdi-Şabi” terror qrupunun üzvlərinin təhsil alması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, dövlətin əsas məqsədi onlara ali təhsil vermək deyil:

“Rejim təhsil ocaqlarında ayrıca bölmələr yaradaraq, lazım bildiyi tələbələri bu yerlərə qəbul etdirib. Bunun müxtəlif səbəbləri var. Həm gələcək kadrlarını yetişdirir, həm də onları öz adamları olaraq işlə təmin edir, eyni zamanda universitetlərdə başlayan etirazları onlar vasitəsi ilə nəzarətdə saxlayır. Belə ki, hər hansı bir səbəbdən təhsil ocaqlarında narazılıq yarandıqda adamları ortaya çıxır, qarşıdurma yaradır və elə təqdim edirlər ki, aksiya iki qrup tələbə arasında baş verib, başqa siyasi səbəbi yoxdur. Bununla da İranın maşası olan tələbələr digərlərini basqıya məruz qoymaqla etirazlara son verirdi”.

Mərdaninin sözlərinə görə, “Haşdi-Şabi” qrupunun üzvləri üçün də belə bir şəraitin yaradılması rejimin tədbirli davranmasından qaynaqlanır:

“Haşdi-Şabi” hərbi və bəzi ölkələrdə terror kimi qəbul edilən qruplaşmadır. İndi bu qrupun üzvlərinin tələbə kimi univeristetlərə yerləşdirilməsi göstərir ki, rejim gələcək aksiyalara hazırlaşır. Universitetdə olan adamlarını isə yetərli bilmir. Terrorçuları İrana gətirmək üçün qanuni yol fikirləşib. Bu cür insanları təhsil adı altında ölkədə yerləşdirir. Bununla da həmin şəxslər vasitəsi ilə nəinki universitetlərdə, hətta İranın başqa şəhərlərində də baş verəcək etirazları yatırmaqda onların gücündən istifadə etmək niyyətini açıq ortaya qoyur”.

 

 

Diaspora