Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Şırnakda zərərsizləşdirilən 2 terrorçunun axtarışda olanlar siyahısında narıncı kateqoriyaya aid olduğunu açıqlayıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, nazir sosial media hesabından verdiyi açıqlamada iyulun 4-də Şırnakın Bestler Dərələr bölgəsində zərərsizləşdirilən terrorçuların terror aktları ilə bağlı məlumat verib.
Terrorçulardan Mirzə Bargıran kod adlı Mirzə Sezekin 2015-2023-cü illər arasında 5 fərqli terror aktında iştirak etdiyini və bu hərəkətlərdə 1 jandarm və 2 polisin şəhid olduğunu vurğulayan Ə.Yerlikaya deyib: “Digər terrorçu Bengin Bermani kod adlı Kahraman Karataşdır. Bu xain terrorçu 2016-2018-ci illər arasında 6 müxtəlif terror aktında iştirak edib. Bu hərəkətlərdə 2-si hərbçi, 7-si jandarma, 7-si mühafizəçi olmaqla 16 təhlükəsizlik əməkdaşımız şəhid olub. Şəhidlərimizin qanı yerdə qalmadı. Terrora qarşı mübarizəmiz sona qədər davam edəcək”.