Uyğur soyqırımını unutmaq olmaz – “Vaşinqton Post”

Uyğur soyqırımını unutmaq olmaz –  “Vaşinqton Post” backend

Çin hakimiyyəti uyğur soyqırımını unutdurmağa çalışır. “Vaşinqton Post” qəzetində dərc olunmuş “Çinin uyğur soyqırımını unutdurmaq cəhdi ilə necə mübarizə aparmalı?” başlıqlı məqalədə belə deyilir. Yazının müəllifi qəzetin şərhçisi, həmçinin radio aparıcısı, hüquq professoru Hyu Hyuittdir.

Novator.az-ın məlumatına görə, məqalədə bildirilir ki, on ilə yaxındır Çində 11 milyon nəfərlik müsəlman uyğur icmasına qarşı soyqırımı siyasəti yürüdülür. Qeyd olunur ki, cinayətlərin tüğyan etdiyi, 2 milyon nəfərə yaxın uyğurun əsir düşərgələrinə salındığı, məcburi əməyə, mənəvi-psixoloji, fiziki işgəncəyə, cinsi zorakılığa məruz qoyulduğu, uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədildiyi 2017-2019-cu illərlə müqayisədə repressiyalar bir qədər səngimiş görünür.

“Vaşinqton Post”un iki əməkdaşının 2022-cü ilin payızında Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonuna səfər etdiyini, oradan reportaj hazırladığını xatırladan Hyu Hyuitt həmin reportaja da istinad etməklə son vaxtlar əsir düşərgələrinin (Çin hakimiyyəti uyğurların qul kimi işlədildiyi bu düşərgələri “peşə təlimi mərkəzi” adlandırır) xeyli boşaldığını vurğulayır: “Ancaq uyğurların müsibəti davam edir və biz bilmirik bu zillət nə zaman bitəcək, ümumiyyətlə bitəcəkmi? Bildiyimiz odur ki, Çində soyqırımı baş verib. 2021-ci ildə ABŞ-ın dövlət katibi Mayk Pompeo vəzifədən gethagetdə rəsmən bəyan edib ki, Çin uyğurlara qarşı soyqırımı törədib. İndiki dövlət katibi Entoni Blinken də Pompeonun bəyanatını təsdiqləyib”.

Bununla belə, professor Hyu Hyuitt yazır ki, amerikalıların əksərinin uyğurların başına gətirilənlər haqda bilgisi səthidir. Müəllif bunda Çin hakimiyyətinin cinayətləri ört-basdır etmək, həqiqətlərin xüsusən ölkədən xaricə sızmasına imkan verməmək cəhdlərinin ciddi rol oynadığını vurğulayır. O xatırladır ki, vaxtilə nasist Almaniyasındakı ölüm düşərgələri haqda əsl həqiqətlər də dünyaya yalnız 1945-ci ildə nasistlər məğlub ediləndən, fəlakətin miqyası dəlil-sübutlarla sənədləşdiriləndən, video, foto çəkilişlər aparılandan sonra bəlli olmuşdu.

Hyu Hyuitt qeyd edir ki, ola bilsin, Çin doğrudan da 2010-cu illərdəki sayaq amansız, kütləvi soyqırımı siyasətindən geri çəkilib, ancaq bu, həmin cinayətləri yaddan çıxarmağa əsas vermir: “Pekin uyğurlarla necə davrandığını unutdurmağa çalışır, buna müqavimət göstərilməlidir. Çünki söhbət insan hüquqlarını pozduğuna görə imici ləkələnmiş və bu ləkəni yuya biləcək bir hökumətdən getmir. Vəziyyət başqadır. Çin Kommunist Partiyası ölkədə sərt leninizm xəttini qorumaq, eyni zamanda bu zay ideologiyanı bütün dünyaya yaymaq üçün hər şeyə getməyə hazır əlahiddə bir şər qüvvədir. Amerikada nəinki sadə vətəndaşlar, hətta prezidentliyə iddia edən siyasətçilər arasında da bu şərin əməllərindən xəbərsiz olanlar var. İyunun 27-də mən ABŞ-ın Mayami şəhərinin meri Frensis Suaresdən radio üçün müsahibə götürürdüm. Suares 2024-cü ildə keçiriləcək prezident seçkisində Respublikaçılar Partiyasını təmsil etmək niyyətindədir, namizədliyini bu yaxınlarda irəli sürüb. Ürək ağrısı ilə deyirəm: biz Çini müzakirə edəndə aydın oldu ki, Frensis Suares “uyğur” kəlməsini eşitməyib, uyğur soyqırımı haqqında heç nə bilmir. Təbii ki, bu halda o, soyqırımı həyata keçirmiş kommunist rejimin əsl mahiyyətini anlaya bilməz”.

Hyu Hyuitt yazır ki, Frensis Suareslə müsahibə zamanı uyğur məsələsini təsadüfən qaldırmayıb: “Bu elə bir mövzu deyil ki, təsadüfən yada düşsün. Soyuq müharibə dövründə amerikalı siyasətçiyə SSRİ-nin QULAQ tipli həbs düşərgələri (QULAQ – Stalin hakimiyyəti illərində Sovet İttifaqında məcburi əmək düşərgələrini idarə etmiş dövlət qurumunun – İslah-Əmək Düşərgələri Baş İdarəsinin rusca adının qısaltmasıdır) haqda sual vermək nə qədər məntiqli idisə, indi amerikalı siyasətçidən uyğur məsələsini soruşmaq da bir o qədər məntiqlidir. Biz yenə soyuq müharibə dövründə yaşayırıq və bu yeni soyuq müharibə əvvəlkindən heç də geri qalmır. Prezidentliyə iddia edən hər bir respublikaçı bilməlidir ki, seçilsə, hakimiyyətinin elə ilk günündəcə ABŞ-a ən böyük təhlükə törədən qüvvə ilə – Çin Kommunist Partiyası ilə üz-üzə duracaq.

Gələn ay – avqustda Respublikaçılar Partiyası prezidentliyə iddia edən üzvlərinin debatlarını təşkil etməyə başlayacaq. Bir qayda olaraq debatların mövzusunu partiyanın mərkəzi aparatı müəyyənləşdirir. Yaxşı olardı debatlardan birinin mövzusu bütünlüklə Çin Kommunist Partiyasına, onun öz xalqına qarşı yol verdiyi cinayətlərə və dünyaya yaratdığı təhlükəyə həsr edilsin. Kommunist rejimin Tibetdə, Sincanda, Honkonqda, son zamanlar həm də Tayvanda törətdiyi əməllər daim diqqət mərkəzində saxlanmalıdır.

Düzdür, belə bir debat çətin ki, ABŞ-ın daxili problemlərinə həsr olunmuş debatlar qədər reytinq yığsın. Ancaq həmin debatın özünə vahid namizəd seçməyə hazırlaşan respublikaçılara faydası dəyə bilər. Respublikaçılar üzərində dayanacaqları namizədin Çin mövzusunu dərindən bildiyinə əmin olmalıdırlar. Bu çox vacibdir”.

Mənbə: Washingtonpost.com

Diaspora