"Vaqner" Özəl Hərbi Şirkətinin Sank-Peterburqdakı ofisindən axtarışlar zamanı aşkarlanan 10 milyard rubl Yevgeni Priqojinə qaytarılıb.
Bu barədə Peterburqun fontanka.ru saytı məlumat yayıb.
Saytın yazdığına görə, əgər iyulun 2-də səhər istintaq Yevgeni Priqojinə iyunun 24-də axtarışlar zamanı aşkarlanan 10 milyard rubl, yüz minlərlə dollar və 5 külçə qızılı qaytarmaq fikrində deyildisə, həmin günün axşam saatlarında bunun əksi baş verib və bütün məbləğ və qiymətli əşyalar Yevgeni Priqojinə qaytarılıb.
Onun bu prosedurda iştirak etmədiyi bildirilib. İlkin məlumatlara görə, iş adamı həmin vaxt Moskvada olub və pulu almaq üçün onun əvəzinə sürücüsü etibarnamə ilə gəlib.
Qeyd edək ki, Priqojin rəhbəri olduğu “Vaqner” qruplaşması ilə iyunun 23-dən 24-nə keçən gecə Rusiyada silahlı qiyama cəhd edib. O, müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimovu “Vaqner”in mövqelərinə zərbə endirməkdə günahlandıraraq 25 minlik qoşunla Moskvaya yürüş edib, Rostovda yerləşən Cənub Hərbi Dairəsinin qərargahını ələ keçirib, Silahlı Qüvvələrə məxsus hərbi təyyarə və helikopterləri havada məhv edib, nəticədə çoxlu sayda hərbi pilot həlak olub.
Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində Priqojin barəsində silahlı qiyam maddəsi ilə cinayət işi açılıb. Lakin Belarus Prezidenti Aleksandr Lukaşenkonun apardığı danışıqlardan sonra Moskvaya 200 km qalmış yürüşü dayandırıb. Priqojin və “Vaqner” barəsində açılmış cinayət işinə xitam verilməsi və qruplaşmanın Belarusa köçürülməsi şərti ilə qiyamın dayandırıldığı bildirilib.