Hazırda cəbhə xəttində 5000 ukraynalı qadın olduqca çətin tapşırıqları yerinə yetirir.
APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ümumukrayna Qadın Liderlik Forumunda deyib.
"Müharibə kişi və ya qadın arasında seçim etmir. Bu müharibə qadınlarımızı da ölkəmizi müdafiə etməyə məcbur edib. Mən Silahlı Qüvvələrdəki ukraynalı qadınlarla fəxr edirəm. İndi 42 min qadın hərbi qulluqçu var, mülki şəxslərlə birlikdə bu, 60 mindən çoxdur. Amma 5 min qadın cəbhə xəttindədir. Müharibənin kişi siması var, ona görə də qadınlarımız son dərəcə çətin tapşırıqları yerinə yetirir, ağır kişi işi ilə məşğul olurlar", - Malyar bildirib.
O qeyd edib ki, cəbhədə olan qadınları oraya heç kim göndərməyib. Bu, onların qərarıdır. "Bu qadınlar çox güclüdür və biz bunu dünyaya nümayiş etdiririk. Silahlı Qüvvələrdə qadınların yiyələnə biləcəyi peşələrə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmışıq. İndi qadınlarımız tankçı, topçu, snayperdir", - Ukrayna müdafiə nazirinin müavini vurğulayıb.
"Ukrinform" bildirir ki, 2023-cü il iyunun 3-nə olan məlumata görə, Ukrayna Silahlı Qüvvələrində 60 mindən çox qadın var ki, onların da 42 mindən çoxu hərbçidir.