Fransada Nahelin ölümü ilə bağlı qəzəb səngimir. Fransanın 18 böyük şəhərində “irqçilik, cinayət və polis zorakılığına qarşı" mitinqlərə çağırışlar edilir. Polisin işini yüngülləşdirmək məqsədilə bir çox şəhərlərdə komendant saatı elan edilməsinə baxmayaraq, qəzəbli kütlə yenidən küçələrə axışıb. Gecələr ictimai asayişi təmin etmək üçün merlərin hökumətdən silah istədikləri bildirilir.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Parisdə qəzəbli kütlə ötən gecə Yelisey çölləri prospektinə toplaşıblar. Polis yoxlaması zamanı 186 nəfər saxlanılıb.
Lyon və Marsel şəhərlərində zorakılıq üzrə ixtisaslaşmış CRS 8 qüvvələri yerləşdirilib. Marselə 3 CRS qrupu və 200 agent göndərilib. Daxili işlər naziri 45 min jandarm və polisin səfərbər edildiyini qeyd edib. Marsel şəhərində vəziyyətin daha çox gərgin olduğu bildirilir. Polislə toqquşmalar davam edir.
Fransa prezidentinin iyulun 2-4-ə planlaşdırılmış Almaniyaya dövlət səfəri təxirə salınıb.
Daxili işlər naziri Jerald Darmanen polisi qətiyyətli hərəkəti sayəsində daha sakit gecə keçdiyini və 486 insanın müvəqqəti saxlanıldığını söyləyib.
Nümayişçilər Yelisey çölləri prospektinə, eləcə də digər şəhərlərdə mərkəzə toplaşmasının səbəbi kimi bu hadisələrə bütün cəmiyyətin diqqətini cəlb etmək və onların gündəlik üzləşdiyi problemlərlə bağlı səslərinin eşidilməsini istədiklərini bildirirlər. Gənclər polislə yaşadıqları problemləri, məhəllələrində ələ salındılarını, alçaldıqlarını, hədəfə alındıqlarını deyirlər. Lentə alınmayan minlərlə hadisələr olduğunu qeyd edirlər. Həmişə polisdən “ölkənizə qayıdın” sözlərini eşitdiklərini, polis üçün qaradərili olduqlarını, fransız olmadıqlarını deyirlər. Çox sayda gənc belə hadisələrin müstəsna olmadığını, polis yoxlamalarının bitmədiyini, yaşadıqları məhəllədən kənara çıxdıqda polisin onları divara qısnadığını, təhqir etdiyini təsdiqləyirlər. Hətta Şərqi Avropadan olanlar belə polis tərəfindən təhqir olunduqlarını bildirirlər. Rumıniyalı gənc polisin ona “başqa bir ərəb” deyə ələ saldığını, öz vətəndaşlığını bildirərək “xeyr, cənab, mən rumınam” dedikdə polisin ”bu lap pis” deyərək onu təhqir etməsinə əsəbləşdiyini, ancaq polisin dözülməz davranışı qarşısında heç nə edə bilmədiklərini vurğulayırlar. Artıq polisin kobudluğuna dözə bilmədiklərini və səslərinin eşidilməsini istədiklərini qeyd edirlər.