Zelenski: "Rusiyada böyük xaos yaranıb"

Zelenski: "Rusiyada böyük xaos yaranıb" backend

“Rusiya uzun müddətdir öz zəifliyini və hökumətinin axmaqlığını ört-basdır etmək üçün təbliğat aparırdı. İndi isə o qədər xaos var ki, heç bir yalanı gizlədə bilməz”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

O bildirib ki, Rusiyanın zəifliyi göz qabağındadır: “Rusiya öz qoşunlarını və muzdlu qüvvələrini torpaqlarımızda nə qədər çox saxlasa, sonradan bir o qədər böyük xaos və bir o qədər çox problem yaşayacaq. Bu, göz qabağındadır. Ukrayna Avropanı Rusiyanın gətirdiyi fəlakətdən və xaosun yayılmasından qorumağa qadirdir”.

V. Zelenski qeyd edib ki, şər yolunu seçən hər kəs özünü məhv edir: “Biz möhkəmliyimizi, birliyimizi və gücümüzü qoruyuruq. Bütün komandirlərimiz və əsgərlərimiz nə edəcəklərini bilirlər”.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Diaspora