Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunun girişindəki alaqapıya erməni dilində “Xoş gəlmişsiniz” və “Gülə-gülə” sözlərinin yazılması Türkiyə ictimaiyyəti, habelə Türkiyədə fəaliyyət göstərən QHT-lər tərəfindən tərəfindən birmənalı qarşılanmayıb.
Türkiyənin Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) buna etiraz edərək, artıq bu istiqamətdə aidiyyatı qurumlara müraciət edib.
Azərbaycan Respublikası Beynəlxalq Diaspora Mərkəzindən (BDM) Trend-ə bildiriblər ki, Mərkəz də bu hadisə ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda deyilir ki, qardaş Türkiyə Respublikasında ermənilərin həyata keçirdiyi fəaliyyətlər son aylar daha geniş vüsət alır və bu işdə PKK-nın siyasi qanadı olan Halkların Demokratik Partisi (HDP) onlara xüsusi dəstək verir: “Türkiyənin müxtəlif şəhərlərində öz çirkin təbliğatlarını aparmaqla sanki qondarma “tarixi erməni dövlətini” qurmaqdadırlar. Təəssüflər olsun ki, onlara bu fəaliyyətlərində Türkiyədə PKK-nın siyasi qanadı olan Halkların Demokratik Partisi (HDP) dəstək verməkdədir. Bu partiya tərəfindən Türkiyənin cənub-şərq bölgəsində bələdiyyə seçkilərində üstünlük əldə etməsi ermənilərin bu ərazidə əl-qolunun açılmasına səbəb olmuşdur. Bu torpaqlarda minlərlə müsəlmanları amansızcasına qətlə yetirən ermənilərin oylağına çevrilməsinə dəstək göstərmək, HDP-nin öz xalqına və dövlətinə qarşı xəyanəti hesab etmək olar. Ermənilər adına küçə qoymaq, sərhədləri açmağa təşəbbüs etmək, qondarma “erməni soyqırımı” abidəsini ziyarət etmək, şəhər və qəsəbə girişlərində erməni dilində yazılar və s. bu kimi çirkin addımlar minlərlə şəhidin ruhuna qarşı hörmətsizlikdir. Bu günlərdə İğdır vilayətinin Tuzluca qəsəbəsində növbəti erməni təbliğatının aparılması bizlərin səbr kasasını daşırmaqdadır. Qəsəbənin giriş və çıxışlarına erməni dilində “Xoş gəlmişsiniz” və “Gülə-gülə” ifadəsi yazılmışdır. Əslində bu böyük bir təxribatdır və təhlükəli addımlardan xəbər verir”.
BDM bəyan edir ki, ermənilərin Türkiyəyə qarşı ərazi iddialarını reallığa çevirmək məqsədilə türk düşmənləri Türkiyədə açıq fəaliyyətə başlayıblar: “Tuzlucadakı bu hadisəni şiddətlə qınayaraq bu torpaqlarda uyuyan şəhidlərimizə qarşı atılan çirkin addımlara cavabsız qalmayacağımızı qətiyyətlə bildiririk. HDP-li bələdiyyə sədrlərinin ermənipərəst fəaliyyətlərini riyakarlıq olaraq qəbul edir, Türkiyə dövlətindən və hökumətindən bu hərəkətlərə hüquqi-siyasi qiymət verilməsini tələb edirik. Türkiyə qanunlarından və türk demokratiyasından sui istifadə edən destruktiv qüvvələr və xüsusilə HDP təmsilçilərinin ermənipərəst addımlarının qətiyyətlə qarşısının alınmasını tələb edirik. İnanırıq ki, Türkiyə dövləti tarixin təkrar olunmasına izin verməyəcək və ölkədə vüsət alan erməni təbliğatının tezliklə qarşısını alacaqdır”.