“Opera Software” şirkəti adındakı “Software” sözündən imtina edərək yeni loqosunu və bütün “Opera” brauzerləri üçün yeni təsviri təqdim edib. İKT.lent.az-ın xəbərinə görə, yeni loqo və brauzer təsviri 3D formatında hazırlanıb. “Üçölçülü O hərfi daha çoxa doğru aparan yolun rəmzidir: daha çox kontent, daha çox cavab, daha çox ünsiyyət, daha çox kəşf, daha çox həyat... İstifadəçi onlayn rejimdə nə axtarırsa, "Opera" ona həmin imkanların daha artığını təqdim edəcək”, - deyə şirkətdən bildiriblər.
Şirkətin “Software” sözündən imtinası o mənaya gəlir ki, bu qurum hazırda təkcə proqram təminatının deyil, həm də internet xidmətlərinin işlənib hazırlanması ilə məşğul olur.iOC üçün “Opera Mini” mobil brauzerinin yenilənmiş versiyasında yeni loqo və brauzer təsviri əks olunub və bunu “App Store”dan yükləmək mümkündür. Növbəti aylar ərzində şirkət yeni brendi bütün məhsullarında tətbiq edəcək. Android üçün “Opera”, Android üçün “Opera Mini”, kompüterlər üçün “Opera” növbədədir və bir neçə yenilənmədən sonra aktiv olacaq. Daha sonra “Opera Max”, iOC üçün “Opera Coast” və digər proqramlarda da loqo və təsvir dəyişikliyi həyata keçiriləcək.
İngilisdilli “Opera” saytında istifadəçilər dəyişiklikləri ümumən müsbət qarşılayıblar. Rusdilli “Opera”da isə şərhlər neqativ xarakterlidir. İstifadəçilər hesab edir ki, yeni loqotip gərəksizdir və “Opera” çoxdan bəri normal brauzerə malik deyil. Rusdilli istifadəçilərin əksəriyyəti “Opera”nın qurucularından biri olan Yon fon Teçner tərəfindən yaradılmaqda olan “Vivaldi” brauzerini bəyənir. Teçner 2011-ci ildə “Opera”nı tərk edib.