Almaniyanın Leipzig şəhərində Uşaqların Beynəlxalq Müdafiəsi Günündə nümayişə qatılan Sol Partiya millət vəkili Juliane Nagel əlləri qandallanaraq saxlanılıb.
Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, görüntülər sosial mediada paylaşılıb və polisin şiddətinə sərt reaksiya verilib. İddia edilib ki, nümayişdə xanım millət vəkili polislərə müqavimət göstərib.
Almaniyada Sol Partiyadan olan Saksoniya əyalətinin deputatı Juliane Nagel əslində onun polis tərəfindən hücuma məruz qaldığını və şəxsiyyətini müəyyən etmək üçün zorla saxlanıldığını bildirib.
Juliane Nagel “Twitter”də mövzu ilə bağlı verdiyi açıqlamada, polisin rəftarını qəbuledilməz olaraq qiymətləndirib və bunları yazıb:
“Bir gənc qadın və bir qaradərili şəxs saxlanılırdı. Mən orada dayanmışdım, polis əməkdaşı məni təhqir etdi, sonra dayandığım yerdən itələdi. Daha sonra ona hücum etdiyimi iddia edərək məni zor gücünə polis maşınına apardılar. Əllərimi qandalladılar və mənə bildirdilər ki, millət vəkili olmağım onların vecinə deyil”.
Leipzig polisi isə Juliane Nagelin polisə müqavimət göstərdiyini və şəxsiyyətinin müəyyən edilməsi üçün qısa müddətə saxlanıldığını açıqlayıb.
QAZİLER.AZ