ABŞ senatoru Qrem Ukraynanın uğurlu əks-hücumunu gözləyir.
Qaziler.az bildirir ki, ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Ukraynanın uğurlu əks-hücumunu gözlədiyini bildirib. O, hesab edir ki, Ukraynadakı Rusiya qüvvələri artıq çox zəifləyib.
Bu barədə “RBC-Ukrayna” senatorun “Twitter” hesabına istinadən xəbər verir.
Qrem Britaniyanın milli təhlükəsizlik müşaviri Tim Berrou ilə görüşüb. O, görüş zamanı Ukraynanın bütün gözləntiləri üstələdiyini bildirib.
“Biz əks-hücumda Ukrayna üçün real uğur gözləyirik, lakin maksimum effekt əldə etmək üçün Kiyevə daimi sədaqət nümayiş etdirməliyik”, - senator bildirib.
Qrem həmçinin İngiltərənin Ukraynaya verdiyi dəstəyə, xüsusən də uzaq mənzilli “Storm Shadow” raketləri ilə təmin etməsinə görə Berrouya təşəkkür edib. Onun fikrincə, onlar "inanılmaz dərəcədə effektlidir".
"Britaniyalılar Ukraynanın qələbəsini istəyir. Bizim ümumi fikrimizdir ki, əlavə uzaqmənzilli raketlər - ATACMS Ukraynanın döyüş meydanındakı uğurunu artıracaq. Mən Britaniya müttəfiqimizlə çox fəxr edirəm", - Qrem əlavə edib.
QAZİLER.AZ