Avstraliyada Baş nazirin dəyişməsi hökumətin reytinqinin artmasına səbəb olub

Avstraliyada Baş nazirin dəyişməsi hökumətin reytinqinin artmasına səbəb olub backend

Avstraliyada ötən həftə hökumət başçısının dəyişməsi ölkədə hakim Liberal-Milli koalisiyanın reytinqinin artmasına səbəb olub.


Xəbər verdiyimiz kimi, sentyabrın 14-də Liberal Partiyadan olan deputatların səsverməsi nəticəsində Malkolm Ternbull hakim partiyanın yeni sədri seçilib. Ertəsi gün Baş nazir kimi and içən M.Ternbull dünən hökumətin yeni tərkibini təqdim edib.

Sentyabrın 22-də “Newspoll” xidməti apardığı son sorğunun nəticələrini açıqlayıb. Məlum olub ki, hökumət başçısının dəyişməsi hakim koalisiyanın xeyrinə olub və rəyi soruşulanların 51 faizi (sentyabrın 3-6-da keçirilmiş əvvəlki sorğuda olduğundan 5 faiz çox) yeni hökuməti dəstəklədiyini bildirib. Müxalif Leyboristlər Partiyasını isə respondentlərin 49 faizi dəstəkləyib.

Yeni Baş nazir özü daha çox uğur qazanıb. Belə ki, rəyi soruşulanların 55 faizi M.Ternbullu, cəmi 21 faizi isə leyboristlərin lideri Bill Şorteni dəstəklədiyini deyib. Qalan 24 faiz isə cavab verməkdə çətinlik çəkib.

Son sorğunun nəticələrini şərh edən ticarət naziri Endrü Robb bildirib ki, hökumət yaranmış əlverişli imkandan istifadə edərək vaxtından əvvəl parlament seçkiləri elan edə bilər.

Avstraliyada federal parlamentin üzvləri üç il müddətinə seçilir və son seçkilər 2013-cü il sentyabrın 7-də keçirilib.
Diaspora