"Əfqanıstandakı idarəçilərə İrana dərhal su haqqını vermələri barədə xəbərdarlıq edirəm".
Qaziler.az İran dövlət televiziyasının xəbərinə istinadla xəbər verir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi Tehran və Kabil arasında Hilmend çayı üzərindəki su problemi ilə bağlı deyib.
Ölkənin cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətinə səfər edən Rəis çıxışında Əfqanıstandakı Taliban hökuməti ilə Hilmend su yolu üzərində yaşanan problemi dəyərləndirib.
Əfqanıstan və İran arasında bu mövzuda tarixi razılaşmalara işarə edərən Rəisi, Əfqanıstan hökumətinin iki tərəf arasında beynəlxalq razılaşma və sözləşmələrə dayanan Hilmend çayındakı suyun İrana çatdırılmasında cavabdeh olduğunu deyib.
Daha sonra İbrahim Rəisi Əfqanıstan hökumətinə müraciət edib:
"Sonradan şikayət etməmək üçün sözlərimi ciddi qəbul edin. Hökumətimiz xalqın haqqını harada olursa olsun almaqda qərarlıdır. Mən Əfqanıstandakı hökumət nümayəndələrinə İrana dərhal su haqqını vermələri barədə xəbərdarlıq edirrəm”.
Məsələ ilə bağlı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Əfqanıstandakı Taliban hökumətinin xarici işlər nazirinin müavini Əmirhan Müttəki ilə telefon danışığı aparıb.
Su probleminin həllinin İran üçün ciddi məsələ olduğunu deyən Abdullahiyan bu məsələnin iki ölkə münasibətlərinə təsir edəcəyinə işarə edib.
Müttəki isə İranın Hilmend Su Yolu Müqaviləsindəki hüquqlarını qəbul etdiklərini, problemin quraqlıq və texniki problemlərdən qaynaqlandığını bildirib.
QAZİLER.AZ