Malayziya İnvestisiya Fondu ilə bağlı maliyyə qalmaqalı getdikcə böyüyür. Bu günlərdə Malayziya polisi hakim Birləşmiş Malay Milli Hərəkatının (BMMH) sabiq regional liderlərindən birini “1MDB” dövlət investisiya fondu barədə məlumatları xarici kütləvi informasiya vasitələrinə ötürmək ittihamı ilə həbs edib. Bu barədə sentyabrın 21-də “New Straits Times” qəzeti məlumat yayıb.
Hadisəni şərh edən Malayziya polisinin rəhbəri deyib: “Hayruddun Abu Hasanın hərəkəti dövlətin iqtisadi sabitliyini pozmağa yönəldilmiş sabotaj kimi qiymətləndirilməlidir”. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə idarəsinin, Mərkəzi Bankın, Baş prokurorluğun və polisin nümayəndələrinin daxil olduğu xüsusi komissiya ölkənin yüksək rəhbərliyi də daxil olmaqla investisiya fondunun qeyri-təyinat məqsədli fəaliyyətini təhqiq edir. BMMH-nin regional şöbələrindən birinin rəhbərinin müavini təhqiqatın nəticəsini gözləmədən Malayziyaya beynəlxalq təzyiqi gücləndirmək məqsədilə məlumatı Böyük Britaniya, Honkonq, Fransa və ABŞ-dan olan jurnalistlərə ötürüb. Bununla o, xarici xadimlərin dövlətin daxili işlərinə qarışmasına cəhd göstərib.
ABŞ-ın “Wall Street Journal” nəşri hələ iyul ayında Baş nazir Nəcib Razakın şəxsi hesabına investisiya fondu ilə əlaqəli olan şirkətlər tərəfindən 700 milyon dollar vəsait daxil olması barədə yazmışdı. Baş nazirin tərəfdarları bunu hökumət rəhbərinin nüfuzuna xələl gətirən siyasi sabotaj adlandırmışdılar. Buna baxmayaraq, yoxlama zamanı həmin vəsaitin Baş nazirin şəxsi hesablarında olduğu təsdiqlənmişdi.
Məsələni şərh edən N.Razak bu vəsaitin onun rəhbərlik etdiyi BMMH-yə aid olduğunu və Yaxın Şərqdəki sponsorlar tərəfindən göndərildiyini bildirmişdi. Bununla bərabər, Honkonq polisi Hayruddin Abu Hassanın sorğusuna əsasən, yerli banklarda Nacib Razaka məxsus olduğu güman olunan hesabları yoxlamağa başlamışdı. Hüquq mühafizə orqanlarına daxil olmuş məlumatda Baş nazirə məxsus Honkonqdakı dörd şirkətin hesabında ümumilikdə 260 milyon dollar vəsait olduğu bildirilib.
Bundan başqa, bu günlərdə “Wall Street Journal” nəşri etibarlı mənbələrə əsaslanaraq, ABŞ Federal Təhqiqatlar Bürosunun Malayziya İnvestisiya Fondu ilə bağlı təhqiqatlara başladığını yazıb