Əbdüləziz bin Osman əl-Tüveycri bununla bağlı bəyanat yayıb İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın işğal edilmiş ərazilərində sentyabrın 13-də qondarma separatçı rejimin "özünüidarə orqanları"na keçirilmiş "seçkilər"lə bağlı etiraz bəyanatı yayıb.
Əbdüləziz bin Osman əl-Tüveycrinin adından APA-ya daxil olan bəyanatda deyilir: "İSESKO işğalçı ölkə kimi tanınan Ermənistanın hər hansı suverenlik aktını həyata keçirmək səlahiyyəti olmadığını bildirir. Təşkilatımız işğal edilmiş Azərbaycan ərazilərində seçkilərin keçirilməsini, o cümlədən həmin seçkilərin BMT-nin Təhlükəsizlik Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələrinə və beynəlxalq qanuna zidd olduğunu hesab etmişdir".Baş katib qeyd edib ki, İSESKO erməni qoşunları tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, o cümlədən məscid, abidələr və digər mədəni incilərin sistematik məhv edilməsini qəti şəkildə pisləyir.
Əbdüləziz bin Osman əl-Tüveycri növbəti dəfə Azərbaycana öz dəstəyini ifadə edərək qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır.
O, əlavə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasəti, o cümlədən ölkənin birinci xanımı Mehriban Əliyevanın mədəniyyət, elm, təhsil, humanitar və digər vacib sahələrdə həyata keçirdiyi layihələri tam dəstəkləyir.
Əlavə edək ki, Əbdüləziz bin Osman əl-Tüveycrinin bəyanatı bir çox Şərq ölkələrində də dərc edilib.