Milliyyətçi Hərəkat Partiyası 1 noyabr seçkilərində iştirak edəcək millət vəkilliyinə namizədlərin siyahısını açıqlayıb. APA TV-nin məlumatına görə, siyahıya son seçkilərdə mandat qazanmış 6 şəxsin adı daxil edilməyib. Ən böyük sürpriz isə partiyanın önəmli simalarından Meral Akşənərin namizəd göstərilməməsi olub. Bundan başqa millət vəkillərindən Mustafa Ərdəm, Əli Mustafa Uzunirmaq, Zeynal Balkız, Şefik Çirkin və Durmuş Yalçının namizədliyi irəli sürülməyib. Xatırladaq ki, 7 iyun seçkilərindən sonra partiyanın tanınmış simalarından Sinan Oğan və Toğrul Türkeş müxtəlif səbəblərdən MHP-dən xaric edilib.
MHP İğdırdan göstərdiyi namizədləri də dəyişib. 7 iyun seçkilərində namizəd göstərilən İsa Yaşar Tezel və Səfər Qaraqoyunluya bu dəfə etimad göstərilməyib. 1 noyabr seçkilərində İğdırdan Yaqub Kumtəpə və Məhərrəm Çeçen MHP namizədi olacaqlar.