Şri-Lankanın zooparklarda sərgilənmək üçün Çin Xalq Respublikasına 100 min makaka meymunu satacağı açıqlanıb.
Qaziler.az bu barədə “İTV News”a istinadla xəbər verir ki, iqtisadi böhran içində olan ada ölkəsi Şri-Lanka Çinə “Macaca Sinica” növündən olan 100 min makaka meymunu satmağa hazırlaşır.
Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) qırmızı siyahısında olan və yalnız Şri-Lankada rast gəlinən meymunların nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi açıqlanıb.
Şri-Lankada kənd təsərrüfatı məhsullarına ziyan vurması və bəzən insanlara hücum etməsiylə zərərli hesab edilən makaka meymunlarının satışı heyvan haqlarını qoruyan qruplar tərəfindən etirazla qarşılanıb.
Təbiət və heyvanları mühafizə dərnəklərinin yaydığı ortaq açıqlamada Çində "qlobal zoopark meyarlarına" cavab verən yalnız 18 zooparkın olduğu və satılacaq meymunların fərqli məqsədlər üçün istifadə oluna biləcəyi paylaşılıb.
Açıqlamada "Makaka insana xas xüsusiyyətləri ilə, xüsusilə ABŞ və Avropada tibbi sınaq müəssisələrində istifadə edildiyi qeyd edilib. Belə bir ticarətdən əldə ediləcək potensial gəlir, bu növün zooparklara satışından əldə edilən gəlirdən daha çox olacaqdır", - deyə vurğulanıb.
Digər tərəfdən Çinin Şri Lankadakı səfirliyindən verilən açıqlamada tibbi sınaqlarda meymunlardan istifadə ediləcəyi ilə bağlı iddiaların "dezinformasiya" olduğu və Çin hökumətinin ətraf mühitin qorunmasına böyük əhəmiyyət verdiyi vurğulanıb.
Qeyd edək ki, 1948-ci ildən bəri ən pis maliyyə böhranı ilə üzləşən Şri-Lanka bir ildir ki, aclıq və yoxsulluqla mübarizə aparır.
QAZİLER.AZ