Son günlərdə qaçqınlar probleminin kəskinləşməsi ucbatından, Almaniyada bütün başqa məsələlər arxa plana keçib. AFR kanslerinin rəsmi nümayəndəsi Şeteffen Zaybert bu günlərdə keçirdiyi mətbuat konfransında deyib: “Federal hökumət həmişə şəraitin tələb etdiyi kimi hərəkət edir”. Müşahidəçilər Zaybertin bu sözlərini hökumətin qaçqınlar axınını nəzarət altında saxlamaq cəhdi kimi qiymətləndirirlər.
Berlində müəyyən tarix üçün hərtərəfli işlənib hazırlanmış siyasi gündəliyə əsaslı şəkildə dəyişikliklər edilməsi çox nadir hallarda müşahidə olunur. Lakin çərşənbə axşamı, sentyabrın 15-i üçün hazırlanmış siyasi gündəlik tamamilə dəyişdirilib. Bu fakt çox şeydən xəbər verir. Artıq çoxdan planlaşdırılmışdı ki, həmin gün Nazirlər Kabinetinin “rəqəmsal” mövzuya həsr edilmiş səyyar iclas keçiriləcək. Bu tədbirin əvəzinə hökumətin təcili iclası çağırılıb, həmin iclasdan dərhal sonra isə qaçqınlarla bağlı praktiki problemləri (qaçqınların qeydiyyata alınması, yataqxanalarda onlar üçün yer tapılması, onların ərzaq və ilkin tələbat malları ilə təmin edilməsi) yerli hakimiyyət orqanlarının və könüllülərin gücü ilə həll etməli olan federal əyalətlərin baş nazirlərinin iştirakı ilə növbədənkənar müşavirə keçirilib.
Rusiyanın siyasəti ilə əlaqədar narahatlıqlarını AFR kansleri ilə bölüşmək məqsədilə Berlinə gəlməsi nəzərdə tutulan Estoniyanın baş nazirinin səfəri təxirə salınıb. Bunun əvəzində Angela Merkel Avstriya kanslerini qəbul edib, həmin görüşdə Almaniya sərhəd nəzarətini bərpa edəndən sonra minlərlə qaçqının bu ölkədə ilişib qalması məsələsi müzakirə olunub.
Eyni zamanda almaniyalı diplomatlar, siyasətçilər və Avropa Parlamentində iclaslar keçirən deputatlar Almaniyanın Avropa İttifaqı üzrə tərəfdaşlarını Avropa həmrəyliyi nümayiş etdirməyə və qaçqınların Avropa İttifaqı ölkələri üzrə bölüşdürülməsinə kvotalar tətbiq edilməsinə razılaşmağa sövq etmək üçün vasitələr axtarışlarını davam etdirirlər.