İsrailin 6 ölkədəki səfirliyi fəaliyyətini dayandırıb

İsrailin 6 ölkədəki səfirliyi  fəaliyyətini dayandırıb backend

ABŞ-dakı səfirliyin ardından İsrailin bir neçə ölkədəki diplomatik nümayəndəlikləri də tətil elan edib. 

“Report” “Röyters”ə istinadən xəbər verir ki, İsrailin Fransa, Belçika, Cənubi Afrika Respublikası (CAR), Estoniya və Finlandiyadakı səfirlikləri də bu gün işləməyəcək.  

Diplomatik nümayəndəliklər yalnız fövqəladə xidmətlər göstərəcəklər.

Qeyd edək ki, 2022-ci il dekabrın 22-də İsrailin “Likud” Partiyasının sədri Benyamin Netanyahu yeni koalision hökumət formalaşdırıb. 

Bu ilin yanvar ayında Baş nazir Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və icra hakimiyyəti orqanına hakimlərin seçki prosesinə nəzarət hüququ verilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib. 

B.Netanyahu israr edirdi ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.

Qanun layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən müxalifətin narazılığına səbəb olub və buna etiraz olaraq aksiyalar başlayıb.

Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və icra hakimiyyətinə hakimlərin seçki prosesinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. 

İsrailin müdafiə naziri Yoav Qalant martın 25-də etirazçıları dəstəkləyib. 

O, hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olan məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. 

Martın 26-da B.Netanyahu onu istefaya göndərib. Bu qərarın elan olunmasından sonra İsraildə etirazlar daha da artıb, insanlar küçələrə çıxıblar.

Martın 27-də B.Netanyahu məhkəmə islahatlarının dayandırılacağını açıqlayıb. Baş nazir bunu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bildirib.

Hökumət başçısının rəsmi açıqlaması Bakı vaxtı ilə saat 11:00-a planlaşdırılsa da, hələ də baş tutmayıb.

Son məlumata görə, nümayişçilər İsrail parlamentinin binasına daxil olublar.

Diaspora