16 sentyabr - Ozon Qatının Mühafizəsi Günüdür. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların Yer səthinə çatmasına mane olur. Ozon qatının dağılmasında antropogen faktorun rolu daha çox elmi dairələrdə təhlükə mənbəyi kimi müzakirə olunur. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində atmosferdə ozondağıdıcı maddələrin (ODM) miqdarı daha da artmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə çalışır. Ölkəmiz bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir.
Ozon təbəqəsinin müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika və Kosmos Akademiyası (NASA), Dünya Meteorologiya Təşkilatı kimi mötəbər təşkilatlar, həmçinin Kanada, Böyük Britaniya, Yeni Zelandiya və s. ölkələrin çoxsaylı təşkilatları müntəzəm surətdə məşğul olurlar. Ozon qatının dağılması ekvator zonasında planktonların, flora və faunanın məhvinə, okeanın biogenezinin dağılmasına, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.
BMT-nin Ətraf Mühit Proqramı “Ozon qatının qorunması haqqında Qlobal Konvensiya” layihəsinin hazırlanması üçün 1982-ci ilin yanvar ayında xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini keçirib. Konvensiya 1985-ci ilin mart ayında üçillik danışıqlardan sonra Vyana şəhərində qəbul edilib. Konvensiyanın 21-ci maddəsində ozon qatının dağılması ilə əlaqədar əmələ gələn təsirlərdən insan sağlamlığının qorunmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində ölkələrin borclu olmaları qeyd olunub. 1987-ci ilin sentyabr ayında Monreal şəhərində ozon qatını dağıdan maddələr haqqında tarixi protokol imzalanıb. Bu protokola ozon qatını dağıdan maddələrin istehsal və istifadəsinin mərhələlər üzrə azaldılmasının tənzimlənmə tədbirləri daxil edilib.
Azərbaycan Respublikası da müstəqil bir dövlət kimi dünyanın aparıcı dövlətləri sırasına qoşularaq, ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında Qanunu, 2012-ci ildə isə Monreal Protokolunun 25 illik yubileyində Pekin düzəlişini qəbul edib.
“Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində Ozon qatının qorunması sahəsində fəaliyyətlərin gücləndirilməsi” regional texniki layihəsi çərçivəsində 2010-cu ildə Ozon Mərkəzində ofis avadanlıqları quraşdırılıb və lokal şəbəkə yaradılıb. Layihə üzrə fəaliyyətlərin 2014-cü ilin əvvəlindən başlanılması nəzərdə tutulur.
Azərbaycan Respublikası bu sahədə qarşısında duran vəzifələri yerinə yetirəcək və gələcəkdə nəzərdə tutulan tədbirlərdə fəal iştirak etməklə problemin qlobal səviyyədə həllinə öz töhfəsini verəcək.