NATO “Microsoft” korporasiyası ilə yeni saziş imzalayaraq onikillik əməkdaşlığı genişləndirib.
Təşkilat və “Microsoft” xüsusi xidmət orqanlarına “Windows”, “Microsoft Office” proqram təminatı, “Lync”, “SharePoint 2010” əməliyyat sistemlərinin və korporasiyanın digər məhsullarının çıxış kodlarının verilməsini nəzərdə tutan “GSP” (Government Security Program) proqramı çərçivəsində əməkdaşlıq edir. Bu şəffaflıq sayəsində dövlət strukturları korporasiyanın proqram təminatının bütün çatışmazlıqlarını görə və haker hücumlarından müdafiə olunmaqla onları ləğv edə bilirlər.
Yeni sazişin şərtlərinə görə, NATO-nun Rabitə və İnformasiya Agentliyi (NATO Communications Information, NCI) korporasiyanın məhsul və xidmətlərinə aid olan texniki informasiya və sənədləşmədən istifadə edə biləcək.
“Microsoft”un məlumatına görə, hazırda “GSP” proqramında 23 ölkədən, o cümlədən bir sıra Avropa İttifaqı ölkələrindən 42 milli və beynəlxalq təşkilat iştirak edir, - “DailyComm” yazır.