"TikTok" tərtibatçıları platformadan uşaqlar və yeniyetmələr üçün istifadə müddətinə məhdudiyyət qoyan bir sıra funksiyalar əlavə edəcək.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, martın 1-də şirkətin saytında dərc olunmuş bəyanatdan belə çıxır. Orada deyilir ki, yaxın həftələrdə yaşı 18-dən kiçik olan hər bir istifadəçinin hesabına avtomatik olaraq gündəlik 60 dəqiqəlik limit təyin olunacaq.
Şirkət aydınlaşdırıb ki, bu cür tətbiqlərdən istifadə üçün tövsiyə olunan vaxtla bağlı heç bir qayda yoxdur. Ona görə də "TikTok" əməkdaşları bu məhdudiyyəti seçmək üçün Boston Uşaq Xəstəxanasında Rəqəmsal Sağlamlıq Laboratoriyasının mütəxəssisləri ilə məsləhətləşiblər.
Beləliklə, 60 dəqiqəlik limitə çatdıqdan sonra yetkinlik yaşına çatmayan istifadəçilərdən xidmətdən istifadəni davam etdirmək üçün parol daxil etmələri tələb olunacaq. Valideynləri və ya qəyyumları parol daxil edərsə, 13 yaşından kiçik olan şəxslərə limitə çatdıqda videoya baxmaq üçün əlavə 30 dəqiqə təklif olunacaq.
QAZİLER.AZ