“Microsoft” şirkəti oktyabrın 6-da Nyu-Yorkda keçirəcəyi təqdimat tədbiri üçün jurnalistlərə dəvətnamələr göndərməyə başlayıb.
İKT.lent.az-ın verdiyi məlumata görə, dəvət məktubunun mətnindən məlum olub ki, tədbir zamanı şirkət “Windows 10” baza sistemində yaradılmış bir sıra yeni məhsullarını təqdim edəcək.Gözlənilir ki, bu məhsullardan biri 14 düymlük “Surface Pro 4” planşeti, həmçinin “Lumia 950” və “Lumia 950 XL” smartfonları olacaq. Həmçinin, istisna deyil ki, “Microsoft” korporasiyası özünün yenilənmiş “ağıllı” qolbağı olan “Microsoft Band”ın da təqdimatını keçirəcək.
“Phone Arena” nəşrinin məlumatına görə, “Microsoft Lumia 950” smartfonu 1440*2560 piksel icazəli 5,2 düymlük displey, 1,8 giqahers tezlikli, 5 nüvəli “Snapdragon 808” prosessoru ilə təchiz olunacaq. Bu smartfonun 3 giqabayt əməliyyat yaddaşı və 32 giqabayt daxili yaddaşı olacaq. Smartfonun əsas kamerası 20 meqapiksel, frontal kamera isə 5 meqapiksel olacaq.
“Lumia 950 XL” smartfonu isə eyni həcmli və icazəli 5,7 düymlük displeylə təchiz olunur. Avadanlıq 2 giqahers tezlikli, 8 nüvəli “Snapdragon 810” prosessoru ilə işləyəcək. Buna baxmayaraq, “Lumia 950 XL” smartfonunun yaddaş çipi və fotokamera “Lumia 950” smartfonu ilə eyni həcmə malikdir.
“Surface Pro 4” planşetinə gəldikdə isə, əldə olunan məlumata görə, bu smartfon “Surface Pro 3” modelindən o qədər də fərqlənməyəcək. Ancaq istisna olunmur ki, planşetin artırılmış displeyi olacaq və planşet daha yüngül və nazik olacaq. Ehtimal olunur ki, “Surface Pro 4” smartfonunun klaviaturasına barmaqların izini skaner edən funksiya da daxil ediləcək.