Tatarıstan Respublikasının Mərkəzi Seçki Komissiyası Tatarıstan Respublikası Prezidenti seçkilərinin nəticələri haqda qərar qəbul edib.
Tatarıstanın Bakıdakı daimi nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, Prezident vəzifələrini müvəqqəti icra edən Rüstəm Minnixanov seçkilərdə qalib gəlmiş hesab edilib. Tatarıstan seçicilərinin 2,3 milyon nəfəri və ya 94,4 faizi onun namizədliyinə səs verib.
RF Kommunist Partiyasının regional bölməsinin sədri Hafiz Mirqalimova 62,5 min nəfər və ya seçicilərin 2,5 faizi, “Spravedlivaya Rossiya” partiyasının regional bölməsinin rəhbəri Ruşani Bilgildeyevə 40,9 min nəfər və ya seçicilərin 1,6 faizi səs verib. RLDP-nin regional bölməsinin əlaqələndiricisinin müavini Ruslan Yusupov 19,7 min və ya 0,8 faiz səs toplayıb.
Tatarıstanda Prezident seçkilərində 2,4 milyon seçici iştirak edib. Bu, seçicilərin ümumi sayının 84,2 faizi deməkdir.