Türkiyənin “Koza İnşaat və Savunma Sanayi” şirkəti Azərbaycan Silahlı Qüvvələrinə düşmən snayperlərinin atəşindən qorunmaq və onların yerini öncədən aşkarlamaq üçün snayper detektorunu təqdim edib. Trend xəbər verir ki, bu barədə “AzeriDefence.com” saytına şirkətin baş ofisindən məlumat verilib.
Kanadanın “Newcon Optik” şirkətinin istehsalı olan LAS-1000 cihazı snayper detektorudur. Artıq bu cihazın Azərbaycana satışı ilə bağlı Kanadanın müvafiq qurumlarından lazımi icazələr alınıb.Snayperləri, eləcə də digər uzaq məsafədən optik nəzarət cihazlarını atəş açmazdan əvvəl aşkarlaya bilən LAS-1000 detektoru Silahlı Qüvvələrlə yanaşı, VİP meyarlarına görə sərhəd və təhlükəsizlik perimetri üçün də ideal sistemlərdən hesab olunur. Mütəxəssislərin sözlərinə görə, əksər snayper detektorları akustik olduğundan atışdan sonra snayperin yerini təyin etmək olur. Lakin LAS-1000 optik prinsipə əsaslanır və buna görə də təhlükə işə düşməzdən əvvəl onun yerləşdiyi nöqtə təyin edilir. Gözlər üçün təhlükəsiz olan lazer skaner öz sahə xəttindəki linza və reflektorları, hətta bu cihazlar kolluq, pəncərə və şüşə arxasında olduqda belə aşkarlamaq qabiliyyətindədir. LAS-1000 sistemi gündüz və gecə şəraitində işləyir. Cihaz ərazidə optik, elektro-optik, işığı əks etdirən obyektləri (kameraları, binokları, termal cihazları, reflektorlu geodeziya dirəklərini və s.) aşkarlayır və onların məsafə ölçülərini təyin etməyə imkan verir. Müşahidə sahəsində nəzarət edilən obyektlər aşkar olunduqda cihazın ekranında açkar olunan obyektin ölçüləri barədə məlumat görünür və yerləri qeydə alınır. Cihaz səsli mesaj və həyacan siqnalı vasitəsi ilə aşkarlanan obyekt barədə operatoru xəbərdar edir.
CCD 752×582 optik sensora malik LAS-1000 detektorunun görmə bucağı 2×4 dərəcədir. Detektor 70 metrdən 1200 metrədək (4×30 silahın görmə qabiliyyəti ilə) məsafədə hədəfləri aşkarlamağı bacarır və məsafə ölçmə dəqiqliyi 10 metrdir. Cihazın batareyasız çəkisi 2 kq təşkil edir. 2 ədəd 3.7 VDC və ya 4 ədəd CR123 tipli batareyası ilə -20 dərəcədən + 45 dərəcə temperaturlarda 5 saat fasiləsiz çalışır.