Türkiyə hakimiyyəti ölkənin cənub-şərqində yerləşən Şırnak bölgəsinin Cizrə şəhərində yenidən fövqəladə vəziyyət elan edib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, ərazidə PKK-ya qarşı yeni əməliyyatlara start verilib.Xatırladaq ki, 9 günlük küçəyə çıxma qadağası Cizrədə ötən şənbə günü götürülüb. Kürdlərin kompakt şəkildə yaşadığı şəhərdə sakinlər qısa vaxtdan istifadə edib polislə atışmalarda öldürülən 16 həmyerlilərini dəfn ediblər. Türkiyə Silahlı Qüvvələri isə 30 terrorçunun məhv edildiyini açıqlayıb.
Cizrəyə giriş və çıxış da qadağan edilib. Hüquq müdafiəçiləri bölgədə humanitar böhranın yaranacağından narahatdırlar.
Bölgənin ən böyük şəhərlərindən olan Diyarbəkirdə də xüsusi rejimin tətbiqinə başlanıb. Bazar günü şəhərdə etiraz aksiyaları keçirilib və bu, polislə qarşıdurmalara səbəb olub. İstanbulda kürdlər küçələrə çıxaraq adı çəkilən şəhərlərdəki qadağaların götürülməsini tələb ediblər.
Türkiyənin rəsmi dairələri isə bu addımların təhlükəsizlik səbəbindən atıldığını bəyan ediblər. Lakin buna baxmayaraq qarışıqlıqlar dava edən bölgələrdə daha üç polisin öldürüldüyünü açıqlayıblar.