Türkiyədə Ədalət və İnkişaf Partiyasının beşinci növbədənkənar qurultayı keçirilir. APA TV-nin məlumatına görə, qurultayda partiya rəhbərliyi yenidən formalaşdırılacaq, Nizamnamədə müəyyən dəyişikliklər ediləcək.
Türkiyənin 81 vilayətindən 1275 nümayəndənin iştirak etdiyi qurultay 1 noyabr seçkilərinə hazırlıq məqsədi daşıyır. AKP rəhbərliyinin formalaşdırılması prosesi həm də seçki strategiyasını müəyyənləşdirmək baxımından önəm daşıyır. Qurultay ərəfəsində partiya sədrinin dəyişəcəyi və sabiq prezident Abdullah Gülün sədr seçiləcəyi ilə bağlı fikirlər səslənsə də, bu təxminlər özünü doğrultmayıb. Dəvətə rəğmən qurultaya qatılmayan Abdullah Gül iştirakçılara təbrik məktubu göndərməklə kifayətlənib.
Qeyd edək ki, AKP qurultayına Azərbaycandan Milli Məclisin sədr müavini Bahar Muradovanın sədrliyi ilə nümayəndə heyəti də qonaq qismində qatılıb.