İŞİD qruplaşması xardal qazı kimi tanınan zəhərləyici iprit maddəsi qismində kimyəvi silah istehsal edir.
Amerikalı ekspertin Britaniyanın BBC telekanalına verdiyi məlumata görə, ABŞ hökuməti İŞİD qruplaşmasının Suriya və İraq ərazisində kimyəvi silah istehsal və tətbiq etməsindən şübhələnir. Birləşmiş Ştatların kəşfiyyat xidməti Suriya-İraq sərhədinin hər iki tərəfində ipritin istifadə olunduğu ən azı dörd hal qeydə alıb.AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, yaraqlılar toz şəklində olan ipriti partladıcı maddələrin tərkibinə qatırlar. Bu qaz qadağan olunmuş kimyəvi silahdır və dəridə yaralar, korluq və tənəffüsdə problemlər əmələ gətirir.
Bununla bağlı iki versiya irəli sürülür. Ola bilsin ki, İŞİD yaraqlıları qadağan olunmuş kimyəvi maddələri özləri hazırlayırlar. Ekspertin fikrincə, kimyəvi silahların istehsalı ilə yaraqlıların kiçik tədqiqat qrupu məşğul olur. Digər versiyaya görə isə terrorçular kimyəvi silah ehtiyatlarını ya İraqda, ya da Suriyada ələ keçiriblər.