Türkiyənin müdafiə naziri Hulusi Akar "Pəncə-Kilit" əməliyyatı ilə 506 terrorçunun zərərsizləşdirildiyini və 302 kilometr ərazidə İraq sərhədinin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasından sonra mühüm bəyanatlar gəlməyə başlayıb.
Bu ölkənin müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırıb və gündəmlə bağlı mühüm açıqlamalar verib.
İraqın şimalındakı Zap bölgəsində davam edən "Pəncə- Kilid" əməliyyatı ilə bağlı son vəziyyəti diqqətə çatdıran Akar Türkiyənin İraq və Suriya başda olmaqla bütün qonşularının sərhədlərinə, suverenlik hüquqlarına və ərazi bütövlüyünə hörmət etdiyini bildirib.
Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfinin terrorçular olduğunu vurğulayan Akar, “Bizim etdiyimiz tək şey ölkəmizin və millətimizin müdafiəsi və təhlükəsizliyidir. Bunun üçün çalışırıq, nə lazımdırsa, edirik”, - dedi.
Terrorla mübarizənin qətiyyətlə davam etdiyini açıqlayan Akar sözlərini belə davam etdirdi:
"Türkiyə ordusu "Pəncə-Kilid" əməliyyatında müəyyən mərhələyə çatıb. Zap ərazisi əsasən terrorçulardan təmizlənib. İllərdir orada məskunlaşan terrorçuların mağaralarına girilib. Onların yuvaları, mağaraları, sığınacaqları terrorçuların başları yıxılıb. "Pəncə-Kilid" əməliyyatı ilə İraq sərhədindəki 302 kilometrlik xəttin təhlükəsizliyi təmin edilib. Əməliyyatda indiyədək 506 terrorçu zərərsizləşdirilib. Əməliyyat çərçivəsində terrorçuların istifadə etdiyi 600-ə yaxın mağara, sığınacaq və 2000-dən çox mina və əl istehsalı partlayıcı məhv edilib. Mehmetçik əməliyyatda terrorçulara məxsus 1174 silah və 533275 sursat ələ keçirib".
QAZİLER.AZ