2010-cu ildən bəri Britaniya ordusunda 5200 əsgər artıq çəkilərinə görə hərbi xidmətini yerinə yetirə bilməyəcək duruma düşüb. Hərbi ekspertlərin fikrincə, bu, mümkün böhran şəraitində orduda ciddi zəifliyə səbəb ola bilər.
Qaziler.az “Daily Mail”ə istinadla xəbər verir ki, İngiltərədə aparılan bir araşdırma, ordudakı əsgərlərin əhəmiyyətli bir hissəsinin kök və hətta piylənmədən əziyyət çəkdiyini aşkar edib.
Britaniya ordusunun statistikasına görə, hər dörd əsgərdən biri artıq çəkiyə malikdir və bu, orduda ciddi sağlamlıq böhranının təzahürüdür. Bildirilir ki, son 5 ildə 145 min britaniyalı əsgərdən təxminən 40 mini “artıq çəki”dən əziyyət çəkənlər kateqoriyasına daxil edilib.
Britaniyanın "Daily Mail" qəzetinə danışan keçmiş komandirlərdən Riçard Kemp bu məlumatların həyəcanverici olduğunu və komandanlıq səviyyəsində rəhbərliyin zəifliyini göstərdiyini qeyd edib. Bir vaxtlar Əfqanıstanda ingilis əsgərlərinə rəhbərlik edən Kemp: “Əsgərlərin səhhətinin pisləşməsinə yol vermək, ehtiyac olduğu halda silahların və ya tankların xarab olmasına səbəb olacaq səhlənkarlıqdan fərqli bir durum deyil”, - deyə qeyd edib.
Açıqlanan məlumatlara görə, 2010-cu ildən bəri Britaniya ordusunda 5200 şişman əsgər tibbi səbəblərdən dolayı hərbi xidmət keçə bilməyib. Onların arasında 191 kiloqrama çatdıqdan sonra məcburi fiziki testlərdən keçə bilməyən və hərbi xidmətdən tərxis olunan şəxs də var. Həmçinin, 800-dən çox əsgər çəkisi 114 kiloqramdan artıq olduğu üçün hərbi xidmətə yararsız hesab edilərək kənarlaşdırılıb. 1100-dən çox əsgərdə 2-ci tip diabet və ya yüksək qan təzyiqinin olduğu bildirilir.
QAZİLER.AZ