Çexiya Prezidenti Miloş Zeman öz sələfi, sabiq prezident Vatslav Klausun Lisa-Laba şəhərində təqdim etdiyi antimiqrasiya ruhlu petisiyasını dəstəkləyib.
Çexiya rəhbəri jurnalistlərə deyib: “Bu təşəbbüsdə mənim həmişə söylədiyim ideyalar öz əksini tapıb... Fikrimcə, bu məsələdə mən Vatslav Klausla razıyam”.
Keçmiş Prezident Vatslav Klaus ölkə hökumətinə müraciətlə bütün əlyetərli vasitələrdən, o cümlədən ordu və polisdən istifadə etməklə dövlətin daxili təhlükəsizliyinin və xarici sərhədlərin toxunulmazlığının təmin olunmasını tələb edib. Sabiq prezident həmçinin, kvotalar qəbul edilməsi planından imtina olunmasını, sığınacaq verilməsi siyasəti barədə hazırda qüvvədə olan müqavilələrə riayət edilməsini, eləcə də həmin müqavilələrə immiqrasiya prosesinin sadələşdirilməsinə gətirib çıxara biləcək dəyişikliklər etmək cəhdlərinə müqavimət göstərilməsini tələb edir.
Keçmiş dövlət başçısının petisiyası baş nazir, onun müavini və din rəhbəri tərəfindən tənqid edilib.