2016-cı ildə dünya smartfonlar bazarında artım tempi 5,8 faizədək zəifləyəcək

2016-cı ildə dünya smartfonlar bazarında artım tempi 5,8 faizədək zəifləyəcək backend

2015-ci il dünya smartfonlar bazarında 2007-ci ildə ilk "iPhone” modellərinin buraxılması ilə başlayan artımın sona çatması ilə əlamətdar olacaq. Bu barədə Tayvanın “TrendForce” analitik şirkətinin hesabatında deyilir.


“Bu ildən etibarən smartfonlar sahəsi tədarükün 30 faiz və daha çox faiz artdığı ötən ildə müşahidə edilən yaddaqalan göstəricilər nümayiş etdirə bilməyəcək. Bazar artımın olmayacağı dövrə daxil olur” - şirkət analitiki Avril Vu bildirib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, 2015-ci ildə dünyada smartfonların tədarük həcmi 8,3 faiz artacaq, 2016-cı ildə 5,8 faizədək zəifləmə baş verəcək. Növbəti ildə smartfonların tədarükü 1,34 milyard ədəd səviyyəsində gözlənilir.

Ekspertlərin fikrincə, azalan tələbatın nəticələrini hətta “Apple” şirkəti də hiss edəcək. Şirkətin proqnozuna görə, ABŞ istehsalçısının 2016-cı ildə smartfonlarının tədarükü cəmi 7,5 faiz artacaq ki, bu da "iPhone” tarixində ən zəif göstərici olacaq. Müqayisə üçün qeyd edək ki, bu il mütəxəssislər 16 faizlik artım proqnozlaşdırırlar, "iPhone”-ların illik tədarükü isə 223 milyon ədəd qiymətləndirilir.

Hesabatda deyilir ki, yeni nəsil “iPhone” modelinin buraxılması ərəfəsində analitiklər güman edirlər ki, "iPhone 6S” adlanan yeni model əvvəlki versiyadan yalnız bir sıra aparat xüsusiyyətlərinə görə fərqlənəcək, qurğunun xarici görünüşü isə əvvəlki kimi qalacaq. Bu, rəqiblərin aktiv fəaliyyəti ilə birlikdə növbəti ildə “Apple” qurğularının satışına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Smartfonlar bazarında tədarükün gözlənilən azalmasına baxmayaraq ekspertlər tərəfindən Çin istehsalçılarının perspektivləri müsbət qiymətləndirilir. 2016-cı ildə Çin şirkətlərinin artım tempini 10 faiz səviyyəsində qoruyaraq ümumilikdə 576 milyon qurğu tədarük edəcəkləri gözlənilir.

“Bizim 2015-ci ilin ikinci rübü üçün smartfonlar bazarı üzrə məlumatlarımız ondan xəbər verir ki, dünyanın on nəhəng smartfon istehsalçısından yeddisi Çin nümayəndəsidir. Onlar yüksək rəqabət qabiliyyətinə malik olmalarını sübut edərək "Microsoft”, “Sony” və “HTC” kimi digər beynəlxalq şirkətləri sıxışdırmaqla öz mövqelərini möhkəmləndirirlər”, - A.Vu vurğulayıb.

Əksər Çin istehsalçıları yaxın gələcək üçün qarşılarına böyük məqsədlər qoyublar. Belə ki, dünyanın üçüncü smartfon tədarükçüsü “Huawei” şirkəti 3-5 ildən sonra birinci yerə çıxaraq bazarda lider olmaq əzmindədir, - “DailyComm” yazır.
Diaspora