Almaniyada dövlət çevrilişinə hazırlaşan qrupun 52 üzvü saxlanılıb

Almaniyada dövlət çevrilişinə hazırlaşan qrupun 52 üzvü saxlanılıb backend

"Almaniyanın 11 əyalətində 130 nöqtədə 3 min polisin iştirakı ilə keçirilən əməliyyat nəticə verib".

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Almaniya Federal Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Almaniyada dövlət çevrilişi etməyə hazırlaşan qrupun 52 üzvü saxlanılıb.

Onlar Almaniya Federativ Respublikasının konstitusiya quruluşunu devirmək və 1871-ci il Almaniya İmperiyasından nümunə götürülmüş dövlət qurmaq məqsədilə terror təşkilatı yaratmaqda ittiham edilirlər.

Məlumata görə, saxlanılanlar arasında keçmiş hərbçilər də var. İddia olunur ki, həbs qərarı verilən şəxslər tərəfindən Almaniya Bundestaqına basqın etmək planlaşdırılıb.

Almaniyanın Federal ədliyyə naziri Marko Buşman öz tviter hesabındakı paylaşımda bu gün səhər saatlarından etibarən böyük bir terrorla mübarizə əməliyyatının keçirildiyini, federal prokurorun terror şəbəkəsi ilə bağlı araşdırma aparıldığını bildirib.

“Konstitusiya institutlarına silahlı hücumun planlaşdırıldığına dair bir şübhə var. Onlar 1871-ci il Almaniya İmperiyasını nümunə götürən bir dövlət qurmağı hədəfləyirlər”- deyə Buşman əlavə edib.

Saxlanılanlar arasında uzun müddətdir alman polisinin diqqət mərkəzində olan ekstremist “Reichsbürger” (Reyx vətəndaşları) hərəkatının üzvlərinin də olduğu bildirilir.

Qeyd edək ki, “Reichsbürger” üzvləri müasir Almaniya dövlətini tanımaqdan imtina edir, hətta vergi vermirlər. Bu səbəbdən də onlarla bağlı hazırda minlərlə məhkəmə işi var.

Diaspora