Rusiya Federasiyasının Prezidenti Vladimir Putin LGTB əleyhinə qanun layihəsini təsdiq edən sənədi imzalayıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, qanuna görə qeyri-ənənəvi cinsi əlaqə, pedofiliya və cinsi dəyişkənliyə səbəb ola biləcək informasiya təbliğatı qadağan ediləcək.
Sözügedən vəziyyətin kütləvi informasiya vasitələri, internet, reklam, ədəbi əsərlər və kino vasitəsi ilə yayılması qanunsuz hesab ediləcək.
Gənclər arasında cinsiyyətin dəyişdirilməsi çağırışlarına qadağa qoyulacaq.
Uşaqların LGTB ilə bağlı məlumatları dinləmək və izləmək imkanlarını məhdudlaşdıran mexanizmin tətbiqini nəzərdə tutan qanuna hökumətin səlahiyyət verdiyi qurum nəzarət edəcək.
LGTB, pedofiliya və cinsiyyətin dəyişdirilməsinin təbliğatını aparan ölkənin fiziki və hüquqi şəxslərinə, əcnəbi və xarici KİV-lərə qarşı 50 min rus rublundan (827 dolar) 10 milyon rus rubluna qədər (165 min 290 dollar) cərimələr nəzərdə tutulub.
Məlumatda bildirilir ki, Rusiyada daha əvvəl qüvvəyə minmiş konstitusiya dəyişikliklərinin 72-ci maddəsində "qadın və kişi birliyindən ibarət nikah institutunun qorunması" ifadəsi ilə eynicinsli nikahların yolu bağlanıb.
Rusiya prezidenti Vladimir Putinin noyabrın 9-da imzaladığı fərmana əsasən, ölkədəki homoseksual münasibətlər “Rusiya cəmiyyəti üçün dağıdıcı ideyalar və dəyərlər” sırasına daxil edilib.
Ənənəvi əxlaqi dəyərlərin qorunmasını və gücləndirilməsini nəzərdə tutan fərmanda homoseksuallığın təbliğinin “ənənəvi ailə quruluşunu məhv edəcəyi” vurğulanıb.
QAZİLER.AZ