Ötən gün PKK terrorçuları İğdırda polis şöbəsinə basqın ediblər. APA TV-nin məlumatına görə, terrorçular iriçaplı silahlarla İğdırın Taşlıçay polis məntəqəsini atəşə tutublar. Əraziyə dərhal əlavə polis qüvvələri yeridilib. Polis terrorçulara qarşılıq verdikdən sonra onlar qaçaraq ərazidən uzaqlaşıblar.
Ərdəhanda hərbi maşının aşması nəticəsində 11 əsgər ağır yaralanıb. Gölə qəsəbəsində şəhid Tayfur Hançerin dəfn mərasiminə gedən hərbi avtobusun qarşısına qəfil at arabası çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtobusu aşırıb. Qəza zamanı 11 əsgər ağır yaralanıb. Yaralılar təcili yardım vasitəsi ilə xəstəxanalara çatdırılıblar.
Van və Bitlisdə isə yolu kəsən PKK terrorçuları maşınları yandırıblar. Terrorçular Bitlis-Diyarbəkir yolunun 25-ci kilometrliyində yoldan keçən maşınları saxlayıblar. Sürücü və sərnişinlərin maşından düşməsini tələb edən terrorçular daha sonra 8 nəqliyyat vasitəsini yandırıblar.
PKK terrorçuları Vanda da yol kəsərək maşın yandırıblar. 3 maşına od vuran terrorçulara hərbçilər müdaxilə edib və PKK-lılar qaçaraq ərazidən uzaqlaşıblar.
Ankarada isə bir qrup gənc HDP-nin mərkəzi qərargahına hücum edib. Son günlər PKK tərəfindən təşkil olunan və onlarla əsgərin şəhid olduğu terror hadisələrinə görə HDP-ni günahlandıran aksiya iştirakçıları partiyanın qərargahını daşa basıblar.
Kırşehirdə də terroru lənətləmək üçün küçəyə çıxanlar 4 iş yerini yandırıblar. Polis aksiya iştirakçılarına sərt müdaxilə edib.
Adanada şəhidlərin əziz xatirəsi üçün 3 min nəfərlik yürüş təşkil olunub. Əksəriyyəti MHP-li gənclərdən ibarət olan aksiya iştirakçıları "Şəhidlərə sayğı, terrora lənət" şüarları ilə mərkəzi küçələrdə yürüşlərini davam etdiriblər.
Oxşar yürüşlər gecə saatlarında İstanbulda da həyata keçirilib. Bu şəhərdə HDP-nin qərargahını hədəf alan 200 nəfərlik qrupa polis sərt müdaxilə edib.