“Polşa ərazisinə düşən raket çox güman ki, Rusiyanın hücumlarını dəf edərkən Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən atılıb. Ancaq Ukraynanın günahı yoxdur, buna görə Rusiya məsuliyyət daşıyır”.
Qaziler.az xəbər verir ki, bu barədə Brüsseldə keçirdiyi brifinqdə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Dünənki partlayış Rusiya Ukraynaya raket zərbələri endirərkən baş verib. Hadisə ilə bağlı araşdırmalar davam edir və biz yekunlaşmasını gözləməliyik. Amma bunun qəsdən hücum olduğuna dair heç bir sübutumuz yoxdur. Və Rusiyanın NATO ərazisinə hücum hazırladığına dair heç bir əlamət yoxdur”, - Stoltenberq bildirib.
“Amma aydınlaşdırmaq istərdim ki, bu, Ukraynanın günahı deyil. Əsl günahkar Rusiyadır. Rusiya Ukraynaya qarşı qeyri-qanuni müharibəni davam etdirdiyi üçün bütün məsuliyyəti o daşıyır”, - Stoltenberq vurğulayıb.
NATO-nun baş katibi daha əvvəl ona verilən məlumatlara istinad edərək, hadisənin noyabrın 15-də Ukraynanın hava hücumundan müdafiə sisteminin kütləvi raket hücumlarına qarşı tətbiqi nəticəsində baş verdiyini ehtimal edir.
QAZİLER.AZ