Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbə ilə bağlı açıqlama verib.
APA-nın xəbərinə görə, Zelenski bildirib ki, bu gün Ukraynaya səksəndən çox raket atılıb. Əsas hədəf enerji infrastrtukturu olub.
“Əlavə 20 raketin atılacağı gözlənilir. Sizdən bir xahişim var: özünüzü qoruyun və bir müddət sığınacaqdan çıxmayın. Zərbələrə görə şəhərlərin çoxunda elektrik kəsilib. Biz işləyirik, hər şey bərpa ediləcək” – deyə dövlət başçısı vurğulayıb.
***
20.16
Rusiya bu gün Ukraynanın enerji infrastrukturuna ən ağır zərbəni endirib.
APA-nın UNİAN-a istinadla xəbərinə görə, bunu Ukraynanın enerji naziri German Qaluşenko bildirib.
Nazir qeyd edib ki, bugünkü raket hücumu qonşu ölkələrin də enerji sisteminə təhlükə yaradıb.
***
18.35
Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna raket zərbələri endirib.
APA Ukrayna KİV-nə istinadən xəbər verir ki, zərbələr Kiyev, Xarkov, Lvov, Jitomir, Rovno, Krivoq Roq və s. şəhərlərində qeydə alınıb.
Xarkov şəhəri tamamilə işıqsız qalıb, metropoliten hərəkətini dayandırıb. Kiyev şəhərinin də bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.